Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şamaxıda Respublikanın əməkdar mədəniyyət işçisi Rasim Ələsgərovun 70 illik yubileyi qeyd olundu

23.11.2017

Şamaxı rayon İcra Hakimiyyətinin yaxından dəstəyi,  İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə   Azərbaycan  milli musiqi sənətinin görkəmli nümayəndəsi  ustad sənətkar, Respublikanın Əməkdar mədəniyyət işçisi Rasim Ələsgərovun  anadan olmasının 70 illik yubileyi Şamaxı rayon Mədəniyyət Mərkəzində böyük təntənə ilə qeyd olundu.  Mədəniyyət Məkəzində təşkil edilən yubiley mərasimində respublikamızın görkəmli elm və mədəniyyət xadimləri,  xanəndələr, aşıqlar və çoxsaylı pərəstişkarları iştirak etdilər.

    Tədbirin aparıcısı  AMEA–nin Nizami Gəncəvi adına ədəbiyyat muzeyinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı  Rasim Ələsgərov barədə danışaraq bildirdi ki, 12 yaşından bu sənətin sirlərini öyrənməyə başlayan sənətkar   Həsrət Hüseynovu, Nurağa Rəhmanovu, Ağasəf Seyidov, Ələfsər Şəkilini, Manaf Məmmədovu  özünə ustad bilmişdir. Bu sahədə ona atası Əlimusa kişinin də böyük köməyi olub. Görkəmli aşıqlardan, Aşıq Məmmədağa, Aşıq Xanış, Aşıq Şərbət, Aşıq Barat, Aşıq Soltan Murad, Aşıq Hacıalı ilə sənət yolunda bir addımlayıb. Rasim Ələsgərov  artıq 1959-ci ildən məclislərdə iştirak edib, bölgələrdə, respublikamızın paytaxtı Bakı şəhərində keçirilən tədbirlərdəki çıxışlarında özünə çoxsaylı pərəstişkar toplayıb. Türkiyədə, İranda, Misirdə, Bolqarıstanda, Rusiyada , Ukraynada, Özbəkistanda  Azərbaycan musiqi  sənətinin görkəmli nümayəndəsi kimi çıxışları ona mükafatlar qazandırıb.  Fəxri fərmanlara, diplomlara, nəhayət Respublikanın Əməkdar mədəniyyət işçisi  adına layiq görülüb.

   Yubiley şənliyində çıxış edən Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova təşrif gətirmiş qonaqları salamlayaraq onlara öz təşəkkürünü bildirdi, Rasim Ələsgərovun haqqında xoş sözlər söylədi.

   Yubiley tədbirində çıxış edən İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov bu tədbiri milli musiqimizi əsl bayramı kimi təqdim etdi. Rasim Ələsgərovun  qədim Şirvanın, Azərbaycanın, türk dünyasının sənət incisinin layiqli davamçısı olduğunu söylədi. Bildirdi ki, Rasim Ələsgərovun rəhbərlik etdiyi “Şirvan” folklor kollektivi respublika və beynəlxalq tədbirlərdə uğurla çıxış edir.      Tədbirdə iştirak edən ritm ustası, əməkdar artist Natiq Şirinov Rasim Ələsgərovun nəsil şəcərəsindən  danışaraq Rasimin gözəl ata ,ləyaqətli ailə başçısı olmasını və cəmiyyətimiz üçün ağıllı övladlar böyütdüyünü xüsusi ilə vurğuladı.

     Tədbirdə nümayiş etdirilən videoçarxlarda onun ifasında səsləndirilən el havaları, mahnılar, xalq artisti Zabit Nəbizadənin, tanınmış müğənnilər Əvəzxan Xankişiyev, Vasif Nuriyevin, Elburus Niftəliyevin,  Ağakərim Nafis, İnci Şirvanlı, respublikanın əməkdar mədəniyyət işçiləri  Aşıq Əhliman Şirvanlının, aşıq Ağamurad Şirvanlının, Rəhman Rasim oğlunun və  aşıq Abbas Musaxan oğlunun,  aşıq Əli Tapdıq oğlunun, Aşıq İxtiyar və Elməddin Qocayevlərin, Abuzər Musaxan oğlunun, Fəqan Rəhman oğlunun, “Rasimlər” qrupunun çıxışları tədbirə xüsusi rövnəq verdi, tamaşaçılarda xoş ovqat yaratdı. Yubiley tədbirinin rejissorluğunu Rəfail Tağızadə öz üzərinə götürmüşdür.

 Tədbir zamanı həmçinin Rasim Ələsgərova anadan olmasının 70 illiyi ilə əlaqədar Rayon İcra Hakimiyyətinin, İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin fəxri fərmanlar və hədiyyələri  təqdim olundu.

   Sonda ustad sənətkar Rasim Ələsgərovun oğlu Rəhman Rasimoğlu tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə, iştirak edən qonaqlara və pərəstişkarlara təşəkkür etdi, ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafına, mədəniyyət və incəsənət işçilərinə göstərdiyi diqqət və qayğıya görə Respublikamızın Prezidenti cənab İlham Əliyevə, respublikamızın birinci Vitse Prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.