05.11.2025
05 noyabr 2025-ci il tarixində İsmayıllı rayon mərkəzində yerləşən Bayraq Meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə “Bayrağım qürurumdur” adlı tədbir təşkil olunmuşdur. Tədbir İsmayıllı rayon Heydər Əliyev Mərkəzi və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşəbbüsü ilə həyata keçirilmişdir.
Tədbirin əsas məqsədi Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün ictimaiyyət arasında təbliği, gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və dövlət rəmzlərinə hörmət hissinin aşılanması olmuşdur.
Tədbirdə İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov və Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ramiz Nuriyev çıxış edərək iştirakçılara 9 Noyabr – Dövlət Bayrağı Gününün tarixi mahiyyəti, yaranma tarixi və bu günkü əhəmiyyəti barədə geniş məlumat vermişlər. Çıxışlarda vurğulanmışdır ki, üçrəngli bayrağımız xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin rəmzidir və hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir.