31.05.2022
31 may 2022-ci il tarixdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mirzə Ələkbər Sabirin Ev Muzeyinin və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində Azərbaycanın dahi şairi, bədii-ictimai fikir tarixində yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 160-cı ildönümünə həsr olunmuş “Ürəklərdə yaşayan Sabir” mövzusunda elmi-praktiki konfrans və "Mirzə Ələkbər Sabir-160" kitabının təqdimat mərasimi keçirildi.
Tədbir iştirakçıları öncə Mirzə Ələkbər Sabirin Ev Muzeyi ilə tanış oldular və dahi şairin qəbrini ziyarət etdilər. Şairin məzarı üzərinə tər çiçəklər qoyuldu və yaradıcılığı haqqında çıxışlar edildi. Şamaxı rayon Mirzə Ələkbər Sabirin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, tədbirin təşkilatçısı Rəqsanə Xəlilzadə tədbirdə giriş sözü ilə çıxış edərək Mirzə Ələkbər Sabirə ümumxalq sevgisindən, şairin xatirəsini əbədiləşdirmək üçün görülən genişmiqyaslı işlərdən bəhs etdi. Tədbirdə iştirak edən Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyyubova, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə “Sabirin müasir ədəbiyyatşünaslıqda tədqiqi”, ADPU-nun Şamaxı filialının direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şahsəddin Mikayılov “Mirzə Ələkbər Sabir yaradıcılığında humanizm”, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Zəkiyyə Əbilova "Güləndə də ağlayan şairimiz”, ADPU-nun Şamaxı filialının kafedra müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru, baş müəllim, Sabir yaradıcılığının tədqiqatçısı Eyvaz Eminaliyev “Mirzə Ələkbər Sabir yaradıcılığında milli və bəşəri problemlərin inikası” mövzularında çıxışlar ediblər.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin “İrs” komissiyasının sədri, şair, yazar və əlyazmaşünas alim Sona Xəyalın “Mirzə Ələkbər Sabir-160” kitabının təqimatı keçirildi. Təqdimatda kitabın rəyçisi, Qarabağ müharibəsi əlili ilahiyyatçı Həsən Hüseyni kitabda nəşr olunmuş Mirzə Ələkbər Sabirin növhələri, qəzəlləri, satiraları ətrəfında məruzə ilə çıxış edib.
Sonda muzeyin direktoru R.Xəlilzadə tərəfindən Mirzə Ələkbər Sabirin Ev Muzeyinin əməkdaşları şairin 160 illik yubileyi münüsibəti ilə muzey işi sahəsində fəallıq, təşəbbüskarlıq və yüksək iş fəaliyyətinə görə "Fəxri Fərman"larla təltif edildilər. Həmçinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları tərəfindən muzeyə kitablar hədiyyə edildi.
#MinistryforCulture
#MədəniyyətNazirliyi
#Azərbaycan
#İsmayıllıRMİ
#mədəniyyət