Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar yürüş keçirilib

26.02.2022

26 fevral 2022-ci il tarixdə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar "Ana harayı" abidəsi ziyarət olunub. Yürüşdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və kollektivi, digər müəssisə və təşkilatların əməkdaşları və rayon ictimaiyyəti iştirak edib. 

 

İlk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 

Çıxış edənlər bildiriblər ki, Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim Xocalı şəhərinin üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar. 

 

Hücum zamanı şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. 

 

Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilməsi yönündə işlərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən başlanılıb. Hələ 1994-cü ildə Ulu Öndərimizin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, 26 fevral günü – “Xocalı soyqırımı və milli matəm günü” kimi qəbul olunub və bütün beynəlxalq təşkilatlar bu barədə məlumatlandırılıb. 

 

Xocalı soyqırımı ilə bağlı tarixi faktlar barədə beynəlxalq ictimaiyyətin dolğun şəkildə məlumatlandırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılan “Xocalıya ədalət” beynəlxalq kampaniya çərçivəsində Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə məqsədyönlü təbliğat tədbirləri həyata keçirilir, Azərbaycanın haqq səsi dünyaya çatdırılır. 

 

2020-ci il 27 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirərək Ermənistanı məğlub etdi. Vətən müharibəsində əldə edilən şanlı qələbə ilə şəhidlərimizin, ermənilər tərəfindən qətlə yetirilən günahsız insanların qisası alındı.

 

Allah bütün şəhidlərə rəhmət eləsin!

 

#Xocalı 
#Xocalı30 
#JusticeforKhojaly 
#MinistryforCulture
#MədəniyyətNazirliyi
#Azərbaycan
#İsmayıllıRMİ
#mədəniyyət