Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar fləşmob keçirilib

26.02.2022

25 fevral 2022-ci il tarixdə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar "Mənim 30 yaşım var" adlı fləşmob keçirilib və İsmayıllı rayonu Mərkəzi Meydanından "Ana harayı" abidəsinə yürüş təşkil olunub. Yürüşdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və kollektivi, digər müəssisə və təşkilatların əməkdaşları və rayon ictimaiyyəti iştirak edib. Yürüşün məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək, yaşanılan faciəni gələcək nəsillərə unutdurmamaqdan ibarətdir. 

 

Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim Xocalı şəhərinin üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar. 

 

Hücum zamanı şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. 

 

Daha sonra soyqırım qurbanlarının xatirəsinin yad edilməsi məqsədi ilə havaya dilək şarları buraxılıb, Xocalı soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiya təşkil olunub və soyqırım qurbanlarının yaşadığı faciə canlandırılıb.

 

#MinistryforCulture
#MədəniyyətNazirliyi
#Azərbaycan
#İsmayıllıRMİ
#mədəniyyət