Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı soyqırımına həsr olunmuş beynəlxalq tədbir keçirilib

25.02.2022

24 fevral 2022-ci il tarixdə İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin və Almaniya “Türk Tarixi və Mədəniyyətləri” Muzeyinin (Begegnungsstube Medina e.V.) birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş, dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycan diaspora üzvlərinin, alimlərin, tarixçilərin, yazıçıların, hadisələrin canlı şahidi olmuş Xocalı sakinlərinin və şəhid ailələrinin iştirakı ilə onlayn konfrans keçirilib. Konfransın keçirilməsində məqsəd Xocalı soyqırımının yad edilməsi və təbliği istiqamətində görülmüş və görüləcək işlərin müzakirəsidir. 

 

Tədbiri giriş sözü ilə açan Almaniya “Türk Tarixi və Mədəniyyətləri” Muzeyinin direktoru Cemaleddin Özdemir Xocalı həqiqətləri haqqında məlumat vermiş, Xocalı qurbanlarının və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. 

 

İlk olaraq sözü İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfova verilib. Elçin Nəcəfov çıxışında Xocalı faciəsinin tanıdılması və təbliği istiqamətində Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər və bu istiqamətdə görülən işlər barədə geniş məlumat verib. Daha sonra soyqırımın canlı şahidləri olmuş Xocalı sakinlərinə söz verilib, onlar ermənilərin Xocalıda törətdikləri vəhşiliklər haqqında danışıblar.

 

Bundan başqa tədbirdə çıxış edən Kimya elmləri üzrə fələsəfə doktoru, dosent Mehman Abbasov Xocalı faciəsinin təbliği istiqamətində Azərbaycan ziyalılarının üzrinə düşən öhdəliklər barədə məlumat verib. Konfransda həmçinin Azərbaycanın xarici dövlətlərdə yaşayan diaspora nümayəndələri, Cənubi Koreyada fəaliyyət göstərən diaspora üzvü Rahil Əhmədova, Rusiyada yaşayan fəal diaspora üzvü Bahar Xələfova və bir neçə digər diaspora nümayəndələri çıxış edərək yaşadıqları ölkələrdə göstərdikləri fəaliyyətlər barədə geniş məlumat veriblər.   

 

Tədbirdə həmçinin İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı aparatının Siyasi-  Humanitar məsələlər şöbəsinin müdir müavini, tarixçi Nəsimi Teymurov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktor müavini, tarixçi Mürvət Əliyev Xocalı hadisələrinin tarixi və səbəbləri haqqında söz açıblar. Daha sonra konfransın təşkilatçılarından olan İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov çıxış edərək Xocalı qisasının alınması və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Azərbaycanın mərd oğullarının bizə qazandırdığı qələbə barədə məlumat verib.

 

Konfransda həmçinin Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun bacısı Kəmalə Həşimova və Azərbaycanın Xocalı həqiqətlərini öz yazdıqları kitablarla dünyaya çatdıran yazıçılar və alimlər də iştirak ediblər. Qarşılıqlı diskussiya formatında davam edən tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə yekun vurulub.

 

#MinistryforCulture
#MədəniyyətNazirliyi
#Azərbaycan
#İsmayıllıRMİ
#mədəniyyət