Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Söz mülkünün sultanı” adlı tədbir keçirilib

15.12.2021

İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində 15 dekabr 2021-ci il tarixdə İsmayıllı Regional Mədəniyyət İdarəsi tərəfindən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə “Söz mülkünün sultanı” adlı tədbir keçirilib.

 

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və əməkdaşları, həmçinin digər idarə və müəssisələrin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Dünya ədəbiyyatının görkəmli nümayəndələrindən olan Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Dünya şərqşünaslığının hər zaman diqqət mərkəzində olan Nizami yaradıcılığı bu gün də dünya ədəbi-mədəni və ictimai-fəlsəfi fikrində öz mövqeyi olan qlobal əhəmiyyətli fenomenal hadisələrdəndir.

 

1979-cu ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar, 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə dahi şairin 840 illik yubiley mərasimlərinin keçirilməsi ölkəmizdə Nizami Gəncəvi irsinə hər zaman yüksək diqqət və qayğı ilə yanaşıldığını göstərir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd olunması məqsədilə keçirilən tədbirdə ilk olaraq dahi şairə həsr olunan sərgiyə baxış keçirilib.

 

Tədbirdə “Nizami” kinofilmindən kiçik parça nümayiş olunub. Daha sonra Nizami Gəncəvinin poemalarından səhnələşdirilmiş parçalar təqdim olunmuş, respublikanın və rayonun tanınmış mədəniyyət xadimlərinin ifasında görkəmli şairin əsərləri səsləndirilmişdir.