Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş ”Heydər Əliyev və ordu quruculuğu” adlı tədbir keçirilib

26.06.2021

25 iyun 2021-ci il tarixdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin və Şamaxı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına parkda 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş "Heydər Əliyev və ordu quruculuğu" adlı tədbir keçirilib.

Tədbirdə İsmayıllı RMİ-nin rəisi, Şamaxı Heydər Əliyev Mərkəzinin əməkdaşları, RİH-nin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 9926 saylı hərbi hissənin xilasetmə taborunun şəxsi heyəti, Şamaxı rayon Gənclər və İdman İdarəsinin rəisi, şəhid ailələri, qazilər, Şamaxı rayon GKİM-nin könüllüləri, təhsil və mədəniyyət işçiləri iştirak edirdilər. İlk öncə vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə İsmayılli Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, 9926 saylı hərbi hissənin xilasetmə taborunun komandir müavini mayor Vüqar Quliyev, Şamaxı Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseyinov, Şəffaflıq qəzetinin redaktoru, 1-ci Qarabağ müharibəsinin qazisi Vahid Təkani çıxış etdilər. Çıxışlarda diqqətə çatdırıldı ki, Azərbaycanda müasir ordu quruculuğunun əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması haqqında qərar qəbul edildi. 1993-cü ildən sonra Azərbaycanda ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Silahlı Qüvvələrdə struktur və kadr dəyişikliyi həyata keçirilməyə başlandı, vahid komandanlığa tabe olan nizami ordu yaradıldı.

Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamına əsasən Əlahiddə Azərbaycan korpusunun yarandığı gün - 26 İyun Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.O tarixdən bu günədək Azərbaycan ordusu parlaq inkişaf yolu keçmişdir. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir.

2020-ci ilin 27 sentyabrından 10 noyabr tarixinə qədər davam edən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi zəfəri ilə başa çatdı, ölkənin ərazi bütövlüyü bərpa edildi. Azərbaycan xalqının əzmi, Azərbaycan ordusunun döyüş qabiliyyəti bütün dünyaya nümayiş etdirildi. Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin azad iradəsi və müzəffər Azərbaycan ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı.

Çıxış edən şəhid ailələri övladlarının, qazilər isə keçdikləri döyüş yolundan, ordumuzun uğurlarından, döyüşlərdə hərb tarixinə gətirdikləri yeniliklərdən danışdılar. Dövlətin hər zaman diqqət və qayğısının onların üzərində olduğunu diqqətə çatdırdılar.
9926 saylı hərbi hissənin xilasetmə taborunun bir qrup zabit və əsgəri İsmayıllı Regional Mədəniyyət İdarəsi tərəfindən fəxri fərman və təşəkkürnamə ilə təltif olundu.

Sonda məktəblilərin ifasında Vətənpərvərlik mövzusunda kompozisiya təqdim edildi.