Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mirzə Ələkbər Sabirin 159-cu ildönümü münasibətilə ”Özü bir, sözü bir - Sabir” adlı onlayn tədbir keçirilib

31.05.2021

Görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 159-cu ildönümü münasibətilə İsmayıllı və Sabirabad Regional Mədəniyyət İdarələrinin və Sabirabad rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Özü bir, sözü bir – Sabir” adlı onlayn tədbir keçirilmişdir.

Tədbirdə Milli Məclisin deputatları Ramin Məmmədov, Tamam Cəfərova, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, M.Ə.Sabir Fondunun Prezidenti, Sabirin nəvəsi Sevda Tahirli, filologiya üzrə fəlsəfə doktoru, dosent, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elm şöbəsinin müdiri, Sabirşünas İradə Musayeva və başqaları iştirak etmişlər.

Giriş sözü ilə çıxış edən Nadir Quliyev tədbir iştirakçılarını salamlayaraq tədbiri açıq elan etmiş və M.Ə.Sabir şəxsiyyəti və onun zəngin yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat vermişdir. Tədbirdə çıxış edən millət vəkilləri Ramin Məmmədov və Tamam Cəfərova şairin ömür yolunun müxtəlif məqamlarına toxunaraq Sabir satiralarını müsəlman Şərqində bir intibah, oyanışa təkan verən amil kimi qiymətləndiriblər.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə də çıxış edərək, Sabir poeziyasının ölməzliyini, bənzərsiz söz ustadının bir çox fikirlərinin hər zaman aktual olduğunu diqqətə çatdıraraq, onun yaradıcılığının Azərbaycan ədəbiyyatında mühüm yer tutduğunu vurğulayıblar.

M.Ə.Sabirin nəvəsi Sevda Tahirli də öz növbəsində bu tədbirin təşkilində əməyi keçən hər bir kəsə rəhbərlik etdiyi təşkilat və ailəsi adından dərin təşəkkürünü bildirib. Sonra Mirzə Ələkbər Sabir Fondunun prezidenti dahi şairin həyatından maraqlı məqamlar ilə tədbir iştirakçılarını tanış edib.

Daha sonra Sabirabad rayon sakini Səidə Hüseynova Sabir ailəsinin Sabirabad rayonu ilə bağlı xatirələrindən söz açmış, ustad sənətkara və onun ailəsinə rayon sakinləri adından sonsuz ehtiramını ifadə etmişdir. Tədbirdə çıxış edən digər qonaqlar da Sabir poeziyasının ölməzliyindən və hələ də öz qüdrətini saxladığından bəhs etmiş, yetişməkdə olan gənc nəslin tərbiyəsində Sabir yaradıcılığının mühüm və əvəzsiz rolundan danışmışlar.

Tədbirin sonunda Gənc Sabirçilər cəmiyyətinin üzvləri tərəfindən səsləndirilən M.Ə.Sabirin qələmindən çıxan bir–birindən maraqlı satirik şeirlər iştirakçıların marağına səbəb olmuşdur.