Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gənc Prezident təqaüdçüləri İsmayıllı şəhərində konsert proqramı ilə çıxış etdilər

04.07.2017

Elmi və mədəni tərəqqinin müstəqil Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyətini nəzərə alaraq istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin himayəsini, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədilə ümummilli lider Heydər Əliyev “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərman imzalamışdır. Bu Fərmana uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə musiqi sahəsində xüsusi istedadı olan gənclərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmış və onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər.

 Prezident təqaüdçüləri olan gənc istedadlı musiqiçilərin respublikada tanınması və gənc nəsildə bədii - estetik zövqün inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq bölgələrdə onların konsertlərini təşkil edir.

Növbəti belə tədbirlərdən biri İsmayılı şəhərində keçirilmişdir. Tədbirdən əvvəl Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyətinin üzvləri, o cümlədən gənc musiqiçilər ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoymuşlar.

Günün ikinci yarısı isə İsmayıllı rayon Mədəniyyət Sarayında təşkil olunmuş tədbirdə çıxış edən İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov gənc istedadlara dövlət qayğısından danışmış, respublikanın bölgələrində onların konsertlərinin keçirilməsinin çox böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Maraqlı konsert proqramı ilə davam edən tədbirdə istedadlı gənc musiqiçilərin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən, xalq mahnı və muğamlarımızdan ibarət musiqi nömrələri səslənmişdir.

Konsertdə İsmayıllı rayon İcra Hakimiyyətinin rəsmiləri, mədəniyyət, təhsil müəssisələrinin işçiləri, yeniyetmə və gənclər, mətbuat nümayəndələri iştirak etmişdir.