20.02.2018
Prezident İlham Əliyev Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd edilməsi ilə bağlı müvafiq Sərəncam imzalayıb. Həmçinin Prezident İlham Əliyevin imzaladığı digər bir Sərəncama əsasən 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində respublikamızda geniş miqyaslı tədbirlərin keçirilməsi nəzərdə tutulub.
İsmayıllı rayon İcra Hakimiyyəti, Bilik Fondu və İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Mərkəzləçdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Uşaq Kitabxanasının iclas zalında “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin varisidir” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən İcra Hakimiyyətinin nümayəndəsi Gülnarə Mirzəliyeva, Mərkəzi kitabxananın direktoru Könül Baxışova, Bilik fondunun direktoru Sevinc Novruzova və digərləri çıxış edərək müstəqilliyimizin 100 illiyi münasibətilə hər kəsi təbrik edərək, bu mövzuda geniş məruzə etdilər. Çıxışlar zamanı qeyd olundu ki, 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikanın siyasi rəhbərliyinə gələn Ümummilli lider Heydər Əliyev bəyan etdi ki, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
Könül xanım Ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının birinci qurultayında söylədiyi nitqindəki cümlələri “Bütün çətinliklər keçib gedəcəkdir, Azərbaycan bir müstəqil dövlət kimi möhkəmlənəcək, dünya birliyində hüquqi dövlət kimi həmişə yaşayacaqdır” qeyd edərək söylədi ki Ümummilli lider Heydər Əliyevin illər öncə uzaqgörənliklə söylədiyi bu fikir real həyatda öz təsdiqini tapıb. Ulu öndərin qurduğu müstəqil dövlət indi Onun davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada tanınan və inkişaf edən ölkələr sırasında layiqli yer tutur. Uğurlu siyasət sayəsində ölkəmizin iqtisadi potensialı, beynəlxalq nüfuzu getdikcə artır. Bu gün müstəqil Azərbaycan bütün dünyada milli mənafeyə əsaslanan qətiyyətli siyasət həyata keçirən ləyaqətli ölkə kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti xalqın mənafeyinə xidmət etdiyi kimi, xalq da bu siyasətə güclü dəstək nümayiş etdirir. Respublikamızdakı sabitlik, iqtidar-xalq həmrəyliyi bunun bariz ifadəsidir. Respublikamızın bugünkü müsbət reallıqları Azərbaycanın müstəqilliyinin əbədi və möhkəm olacağını deməyə əsas verir. Şübhə yoxdur ki, Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edən xalqımız, müstəqil Azərbaycan öz ənənələrini yaşadaraq gələcəyə doğru daha inamlı addımlar atacaq.
Tədbirdə Cumhuriyyətə aid video slayd nümayiş etdirildi. Tədbirin sonunda iştirakçılar qarşıdan gələn növbəti seçkilərdə Cənab Prezidentimiz İlham Əliyevə dəstək olacaqlarını qeyd etdilər.