21.02.2018
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Ağsu Rayon İcra Hakimiyyəti və İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Ana dilimizin inkişaf yolu və Heydər Əliyevin dil siyasəti" mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva, Ağsu rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva və Ağsu rayon tam orta məktəblərinin müəllim və şagird kollektivi iştirak edirdi. Dosent Sevinc Əliyeva "Ana dilimizin inkişaf yolu və Heydər Əliyevin dil siyasəti" mövzusunda məruzə ilə çıxış edərək 2002-ci il sentyabrın 30-da "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun qəbul edilməsi, Azərbaycan dilinin dövlət dili kimi işlənməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi yollarından bəhs etdi.
Məruzə ətrafında digər çıxışlar dinlənildikdən sonra, sonda Ağsu rayon ümumtəhsil məktəbləri arasında keçirilən "Ana dilim" şeir müsabiqəsinin qalibləri olmuş 6 şagirdə Bilik Fondunun diplom və hədiyyələri təqdim edilib.