21.02.2018
Ziyallı şəxsiyyət və vətəndaş olaraq kamilləşmənin yolu kitabxanalardan keçir. Elm və ürfanın intelektin astanası, açarı olan, tarixən müqəddəs məbədgah hesab edilən, qiymətli xəzinə kimi nəsilbənəsil gələcəyimizə ərməğan edilən kitabxanalar elmin hüdudsuz üfüqlərinə ən doğru bələdçimiz və köməkçimiz olublar. Təsadüfi deyil ki , informasiya müxtəlifliyi və bolluğu ilə seçilən müasir dövrümüzdə də kitabxana elmi-mədəni tərəqqinin əsas sahələrindən biri olaraq qalmaqda davam edir. Qloballaşmanın, informasiya cəmiyyətinin ayrılmaz tərkib hissəsi kimi öz dəyərini və mahiyyətini itirməyən kitabxanalarımız daim qonaq və oxucularla bol olur. İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon MKS-in Uşaq şöbəsinin bu günkü qonaqları İsmayıllı şəhər İsrayıl Həsənov adına 1 saylı tam orta məktəbin azərbaycan dili və ədəbiyyyat müəllimi Maya xanım Aslanova və onun rəhbərlik etdiyi VIII rus sinifi idi. Kitabxananın əməkdaşları şagirdləri buradakı rus və azərbaycan bölmələri ilə tanış edib, onları maraqlandıran sualları cavablandırdılar.