Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tarixin yadigarı olan sənət nümunələri

14.02.2018

    Azərbaycanda  demək  olar ki, bütün sənət növləri mükəmməl inkişaf etmişdir. Daşyonma, nəccarlıq, dulusçuluq, dəmirçilik, misgərlik  və s. bu kimi sənət əsərlərinin  tarixi lap qədimlərə  gedib çıxır. Bu  sənət növləri içərisində misgərliyin qədim tarixi  nümunələrinə  Azərbaycanımızın  hər  bir bölgəsində  rast gəlmək olar. Azərbaycanda  aşkar olunan misgərlik  nümunələrinin  tarixi  e.ə. V-IV minilliklərə aiddir. Arxeoloji qazıntılar zamanı  aşkar olunun nümunələr bunu bir daha təsdiq etmişdir. E.ə II miniliyin yarısına aid olan Əliköməktəpədən tapılan mis qazan  bu sənətin tarixinin qədimliyindən xəbər verir. Misdən müxtəlif növ qablar, məişət əşyalrı digər nümunələr  və s.hər biri zamanın, tarixin canlı şahidləri, halal əməyin  bariz nümunələridir. 

     Misgərlik sənəti Azərbaycanda  IX  əsrlərdən  başlayaraq daha da genişlənməyə başlamışdır. Bu sənət nümunələrinə  bu günlərə  qədər  hər bir evdə  rast gəlmək olar.Tarixi qədim olan  bu sənət növü son dövrlər tarixə qovuşmaq üzrədir. XX  əsrin sonlarına  qədər isə hər zaman, hər yerdə   göz oxşayırdı. Son zamanlar  hər bir sahədə gedən inkişaflar bu sənətə hətta onun növbənöv nümunələrinə təsirini  göstərmişdir.

    İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən    Qəbələ rayon Tarix-Diyarşünaslıq  muzeyində bu sənət nümunələri, tarixin yadigarları  qorunub  saxlanılır. Böyük həcmli qazanlar, sərpuşlar, tavalar, tayqulplar, badyalar, nimçələr, sərniclər, aftafa –ləyənlər  və s. bu kimi nümunələr   ekspozisiyanı  bəzəməkdədir. Böyük əmək ,əziyyət bahasına  ərsəyə  gələn  sənət  nümunələri  həm  səbir, həm də  gözəl zövq tələb edir. Diqqətlə bu nümunələrə baxsanız üzərindəki ornamentlər  necə gözəl və dəqiq işləndiyini görəcəksiniz. Meandr, sadə islimli, vağvaği, buta və s.ornamentlər  bu nümunələrin  gözəlliyinə  daha  bir  zənginlik qatır. Hər  bir  qabın üzərində  növbənöv  ornamentlərə gəlincə bütün bunlar güclü fantaziyaların məhsuludur. Burada  meandr formalı ornamentlər inkişafı, irəliləyişi, dairəvi şəkildəkilər-günəşi, kvadrat və romb formalı ornamentlər isə-  torpağın rəmzi  kimi Azərbaycan  incəsənətinin  qədimliyini, zənginliyini və  təkrarsızlığını ifadə edir.