Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət Mərkəzi MKS- ilə birlikdə Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir təşkil etmişdir

17.01.2018

   1990-cı il yanvarın 20-si Azərbaycan tarixinə həm faciə, həm də xalqımızın qəhrəmanlıq salnaməsi, qürur günü kimi daxil olub.

   İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Mədəniyyət Mərkəzi  MKS- ilə birlikdə Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir təşkil etmişdir.

  Mərkəzi kitabxanada keçirilən tədbiri açan Cəbrayıl Bədəlov  çıxışı zamanı bildirdi ki, 20 yanvar  gecəsi şəhidlik zirvəsinə ucalan Vətən övladları bir daha sübut etdilər ki, Azərbaycan xalqı yenilməzdir, azadlıq, müstəqillik yolundan onu heç bir qüvvə döndərə bilməz. Bu faciədən 28 il ötür. Ancaq qədirbilən xalqımız həmin günün dəhşətlərini yaddan çıxarmır, azadlıq mücadiləsində canından keçən şəhidlərimizi böyük ehtiramla yad edir.

    Sonra çıxış edən 1 saylı tam orta  məktəbin müəllimi Xəyal Əliyev Ulu öndər Heydər Əliyevin ″20 Yanvar″ faciəsinə siyasi-hüquqi qiymət verməsi və onun dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi tədbirlər haqqında geniş məlumat verdi, həmçinin tədbirdə çıxış edən Tahir Əzimov həmin gün şahidi olduğu hadisələrdən danışdı.

   Tədbirin ikinci hissəsi Mədəniyyət Mərkəzinin hazırladığı "Qanlı və Şanlı gecə" adlı ədəbi-bədii kompozisiya ilə davam etmişdir. Elnur Mahmudovun, Əmrah Məmmədovun, Eyvaz Bayramovun tarın müşayiəti ilə söylədikləri şer və bayatılar, xanəndələrdən Əzizağa Əzizovun və Samir Ağsulunun oxuduğu muğam parçaları tamaşaçılarda o günlərin ruhunu yaşatmış və bu tarixin həm də xalqımızın şanlı tarixi olduğunu təcəssüm etdirmişdir.

   Sonda  ″20 Yanvar″  hadisələrini əks etdirən “Qanları ilə azadlıq dastanı yazanlar” adlı  video-çarx  nümyaiş etdirildi.