Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nəccarlıq sənətinin nümunələri

09.01.2018

      Doğma yurdumuz  Azərbaycanın ulu keçmişinə nəzər saldıqda onun qədim xalq sənətinin nümunələri daha çox nəzərə çarpır. Dulusçuluq, dəmirçilik,   misgərlik, papaqçılıq, zərgərlik, xalçaçılıq və s. sənət növləri içərisində nəccarlıq da  böyük yer tutur. Nəccarlıq sənəti ilə Azərbaycanın hər bir bölgəsində məşğul olmuşlar.  Adətən vələs, tut və fısdıq ağaclarından  hazırlanan  bu nümunələr İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən   Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasında  qorunmaqdadır. Xüsusi qayğı və diqqət tələb edən bu qədim xalq sənəti nümunələrinə yalnız bu Muzeydə rast gəlmək olar. Ağacdan hazırlanan  bu nümunələr: vəl, xış, boyunduruq, xəmir təknələri, müxtəlif  formalı tabaqlar,dördayaqlar, çömçələr, xalçaçılıq sənəti ləvazimatı olan  həvə və s.  bu  gün Muzeyin  ekspozisiyasını bəzəməkdədir. Ümumiyyətlə bu sənətin nümunələri  olan əşyaları saymaqla qurtarmaz. Hətta asma tərəzinin  hər iki tərəfindəki ölçü qabları da  bu sənət növünün  nümunələridir. Onu da qeyd edək ki, XX əsrin ortalarına  yaxın bir zamana qədər bu sənətə tələbat çox olmuşdur. Son zamanlar elm və texnikanın inkişafı ilə əlaqədar olaraq  bu sənətkarlıq növü  tarixə  qovuşmuşdur. Bu son zamanlar ərzində artıq bu sənət ilə məşğul olan sənətkarlara rast gəlmək mümkün deyil. Tarixə qovuşan bu sənətin yadigarlarını  görmək istəyən hər bir kəsi Qəbələ rayon Tarix-Diyarşünaslıq muzeyinə dəvət edirik.